Urmiya gölü ətrafında 38 kənd boşaldılıb

Urmiya gölünün ətrafında 38 kənd boşalıb. Urmiya Universitetinin müəllimi Mirəli Məhəmmədinin sözlərinə görə, bunun səbəbi əkin ərazilərinin şoranlaşması və həmin ərazilərin kənd təsərrüfatına yararsız olmasıdır. Hazırda Urmiya gölünün ətrafında 220 min hektar ərazidə yeraltı suların tarazlığının pozulduğunu diqqətə çatdıran Mirəli Məhəmmədi bildirib ki, bu da şoranlaşmaya gətirib çıxarır. Yaranan duz küləkləri hətta Qəzvin və Tehranı belə təhdid edəcək.

 

O, qeyd edib ki, gölün qurumasının qarşısını almaq üçün praktiki və inzibati işlər davam etdirilməlidir. Çünki Urmiya gölü Qərbi və Şərqi Azərbaycan, Kürdüstan vilayətləri ilə yanaşı, İranın ən böyük daxili drenaj hövzələrindən biridir. Müəllim vurğulayıb ki, hazırda bölgədə kəskin quraqlıq və suyun həddindən artıq istifadə olunması səbəbindən Urmiya gölündə suyun səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb.

 

Ümumilikdə davamlı quraqlıq, iqlim dəyişikliyi, illik yağıntının azalması, əkin sahələrinin artması, bəndlərin tikintisi, ildə 24 milyard kubmetr suyun hövzəyə axmaması və yer kürəsinin temperaturunun 1.5 dərəcə artması Urmiya gölünün qurumasının əsas səbəblərindəndir.

 

Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib.

Müəllif | Apa.Tv