Tramp Koreya müharibəsinə son qoymaq istəyir: "Belə bir müqavilə mümkündür"

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla keçiriləcək sammitin KXDR-ə “işıqlı gələcək” təmin edəcəyini bildirib. APA TV-nin məlumatına görə, D.Tramp bu barədə Yaponiyanın baş naziri Sindzo Abe ilə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, Sinqapurda baş tutacaq sammitdə Koreya müharibəsinin bitməsinə dair müqavilə də imzalana bilər. D.Tramp bildirib ki, Pxenyanla münasibətlərin yaxşılaşdırılması adi tapşırıq olmayacaq.

"Biz belə bir müqaviləyə imza atsaq, bu, ilk addım ola bilərdi. Belə bir razılaşmaya imza atmağımız mümkündür, bunu həmin tərəflərlə də, başqaları ilə də müzakirə edirik. Ancaq bu, yalnız başlanğıcdır. Ümid edirəm ki, görüş Şimali Koreya üçün işıqlı gələcəyin başlanğıcı olacaq”, - ABŞ prezidenti belə deyib.

Qeyd edək ki, ABŞ-KXDR sammitinin iyunun 12-də Sinqapurda keçiriləcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Sərxan Kamallı