İKİ NAZİR OĞLU VƏ RZA ZƏRRAB HAQQINDA HƏBS QƏRARI

İstanbul Baş Polis İdarəsinin həyata keçirdiyi "vəzifəsindən sui-istifadə və rüşvət" əməliyyatlarında tutulma tələbiylə məhkəməyə göndərilənlərdən 14 nəfər həbs edilib. Daxili İşlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, "Xalq Bank"ın müdiri Süleyman Aslan və azərbaycanlı iş adamı Rza Zərrab da həbs edilənlərin içərisindədir. Qeyd edək ki, nəzarətə götürülənlərdən indiyə kimi 49 nəfəri məhkəməyə göndərilmişdi.

 

Məhkəmədən buraxılanlar arasında ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar və Türkiyənin tanınmış iş adamı Əli Ağaoğlu da var. Əli Ağaoğlu sərbəst buraxılsa da, ölkə xaricinə getməsinə qadağa qoyulub.

 

İstanbul Prokurorluğundan baş prokurorun vəkili Zəkəriyyə Öz dünən İstanbul Polis İdarəsinə gələrək polislərə xəbərdarlıq edib. O bildirib ki, ifadə mətnlərində hər hansı bir dəyişiklik və ya mətn çıxarılması baş versə həbs ediləcəklər. "Zaman" qəzetinin xəbərinə görə, Zəkəriyyə Öz nazirlərin mühakimə edilməsi üçün Türkiyə Böyük Millət Məclisinə göndərilməsi gözlənilən sənədlərə müdaxilənin qarşısını bu cür alıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı