Masallıda ət ucuzlaşıb - SƏBƏB
Son günlər Masallıda mal ətinin qiymətində ucuzlaşma müşahidə edilir.
APA TV-nin cənub bürosunun xəbərinə görə, satıcılar ucuzlaşmanın səbəbini bazarda mal-qaranın çoxluğu ilə əlaqələndirirlər.
Satıcı Atabəy Niftullayev digər səbəb kimi yem bolluğunu göstərir: "Ətin qiyməti 11-12 manat idi. Bir 10-15 gün olar ətin qiymətini salmışıq 8 manata. Buna səbəb malın bolluğudur, mal çoxdur. İndi bu da nə qədər gedəcək, biz onu bilmirik".
Satış məntəqələrinə tələb olunandan artıq heyvanın satışa çıxarılması diri heyvanların da qiymətinin ucuzlaşmasına səbəb olub. Ətin qiymətinin aşağı düşməsi alıcılıq qabiliyyətini də artırıb: "Əvvəllər 1 kilo alan indi 4-5 kq alır. 12 manat ət olanda satırdıq 50-60 kq. Amma ətin qiyməti 8 manata düşəndən sonra günə 150-170 kq, bəzən 200-250 kq ət satırıq. Həm alıcılara sərf edir, həm də bizə".
Satıcılar deyir ki, əvvəllər bir dananın ətini üç günə satırdılarsa, indi iki günə, bəzən isə bir günə satılır.
Qiymətlər aşağı düşəndən alıcılıq qabliyyəti də artıb. Alıcılar da qiymətin aşağı düşməsindən razıdırlar: "Ət almağa gəlmişəm. Çox sağ olsunlar, keyfiyyətli ət satırlar. Bir müddət ətin qiymətinin qalxmasına baxmayaraq, son vaxtlar ətin qiyməti aşağı düşüb. 8 manat ətin kilosudur. Bir az bundan qabaq 11-12 manat olan qiymətlərə baxanda hardasa 30-40 faiz endirim olub. Bu da camaatın alıcılıq qabiliyyətini daha da yaxşılaşdırır".
Ətin qiymətindəki ucuzlaşmanın bir neçə ay davam edəcəyi gözlənilir.