Putin: "Suriya bizim üçün sınaq poliqonu idi"
"Suriya müharibəsinə müdaxiləmiz Rusiya ordusunun hücum qabiliyyətini inkişaf etdirmək və yeni silahların sınağı üçün əla fürsət idi".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib: "Müharibə meydanı hərbi gücdən istifadə üçün əvəzsiz platformadır. Heç bir hərbi təlim bununla müqayisə oluna bilməz. Silahları müharibədə istifadə etmək kağız üzərində yeni silahlara sahib olmaqla müqayisə oluna bilməyəcək qədər zövqvericidir. Hərbçi və generallarımız çağdaş müharibənin nə olduğunu anlamağa başlayıblar".
Bu arada Britaniya nəşri "TIMES" rusların 2015-ci ildən bəri Suriya müharibəsində 200-dən çox yeni silahı sınaqdan keçirdiyini bildirib. Xəbərdə həmçinin rus hərbçilərinin məktəb, xəstəxana və yaşayış məntəqələrinə hücumları zamanı 1761 uşaq olmaqla, 6100 dinc sakinin qətlə yetirildiyi qeyd olunub. Moskva isə bunu qəti şəkildə təkzib edərək, hərbi əməliyyatların bilavasitə terrorçulara yönəldiyini bildirib.