Bakıda evdən 70 min dollar oğurlanıb
Bakıda evdən 70 min ABŞ dolları oğurlayan dəstə üzvləri saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cari ilin yanvarında Şamil Şirinovun evindən 70 min dollar oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - Elgün Yusifov, Elşad Namzaov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub. Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.