"Gilan Industrial Group" uşaqlar üçün şənlik təşkil edib
1 iyun onların günüdür: uşaqların. "Gilan Industrial Group" 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balacalar üçün bayram şənliyi təşkil edib.
APA TV-nin məlumatına görə, əvvəlcə foyedə balacalar üçün fotosessiya təşkil olunub.
Şənliyə şirkət əməkdaşları da qatılaraq, uşaqlara əsl bayram sevinci yaşadıblar.
Sehrbazın gəlişi isə məclisin şən əhval ruhiyyəsini daha da artırıb.
Balacalar isə öz növbəsində həmyaşıdlarını təbrik edib, onlar üçün şeir söyləyiblər:
"Ey Vətən, Ana Vətən!
Heyranam sana, Vətən.
Dupduru göllərin var,
Yamyaşıl çöllərin var.
Dağların baş-başadır,
Düzlərin tamaşadır,
Yaylaqların sərindir,
Dərələrin dərindir".
7 yaşlı Aylin isə hamıdan fərqli olaraq qaça-qaça yanımıza gəlir və "Mən "Azərbaycan" şeirini deyəcəm" deyir:
"El bilir ki, sən mənimsən,
Yurdum-yuvam, məskənimsən,
Anam, doğma vətənimsən.
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!"
Aylinin həmyaşıdlarına arzuları da var: "Bütün Azərbaycandakı uşaqları təbrik edirəm. Həmişə birinci yerlərə çıxın, məktəbdə yaxşı oxuyun".
Daha sonra balacalar musiqi sədaları altında rəqs ediblər.
Uşaqlar olan yerdə əyləncəli oyunlarsız mümkün deyil. Bu dəfə isə onlar iki komandaya bölünərək gücünü kəndirdə sınayıb.
Balacaların sevimli nağıl qəhrəmanları olan Maşa və Ayı, eləcə də Kloun Cikkuş da bayramı onlarla qeyd etməyə gəlib, uşaqlarla birlikdə rəqs ediblər.
Tədbirin davamında köpüklü şou təşkil olunub.
Tədbirdə "Gilan Industrial Group" adından uşaqlara müxtəlif hədiyyələr təqdim edilib: "Biz də 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bütün balacaları ürəkdən təbrik edirik, onlara xoşbəxtlik və firavanlıq arzulayırıq".