ETSN: Plastik qablardan və polietilen torbalardan istifadə etməyin!
Polietilen torpaqda 800 ilə, dənizdə isə 400 ilə çürüyərək yox olur. Polietilen paketlərdən istifadə insan sağlamlığı ilə yanaşı, ətraf mühitə də ziyan vurur.
APA TV-nin məlumatına görə, plastik qablar da real təhlükə mənbəyidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyində ənənəvi olaraq keçirilən mətbuat konfransında bu dəfə məhz plastik qablar, eləcə də polietilen torbaların Azərbaycanda yaratdığı problemlərə diqqət çəkilib.
Bildirilib ki, dünyanın bir çox ölkələrində bu problemin həlli ilə bağlı konkret addımlar atılıb. Məsələn, 40 ölkədə plastik qablardan istifadə qadağan edilib və ya məhdudlaşdırılıb.
Nazirlik rəsmiləri vurğulayıb ki, plastik qablar kimyəvi maddələrdən hazırlanır. Buna görə də bu növ qablardan uzun müddət istifadə etmək məsləhət görülmür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bildirib ki, plastik qabların toplanması üçün xüsusi konteynerlər sifariş olunub: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qabların yığılması üçün xüsusi konteynerlər sifariş olunub. Bununla bağlı Bakı, Sumqayıt və Gəncə şəhərlərinin icra hakimiyyətlərinə konteynerlərin yerləşdirilməsi üçün məktublar göndərilib. Onların əhalinin sıx toplaşdığı yerlərdə yerləşdirilməsi nəzərdə tutulur”.
Konfransın keçirilməsində məqsəd həm də ictimai rəyi nəzərə almaqla effektiv addımlar atmaqdır. Proses mərhələli şəkildə həyata keçirilsə, plastik qablar və polietilen torbaların mənfi təsirini tədricən azaltmaq, zamanla da tamamilə yox etmək olar.
Nazirlik yay fəsli ilə əlaqədar havaların isti keçdiyini, həm də çimərlik mövsümünün başlanmasını nəzərə alaraq əhaliyə müraciət edib – plastik qablardan və polietilen torbalardan istifadə etməməyə çalışın!