Azərbaycan prezidenti Qambiyanın xarici işlər nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 8-də Qambiya Respublikasının xarici işlər naziri Ousainu Darboenin başçılıq etdiyi, Qambiyanın əmək və infrastruktur naziri Bai Lamin Jobenin daxil olduğu nümayəndə heyətini qəbul edib.
APA TV xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Qambiya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğulayaraq, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və BMT-də uğurlu əməkdaşlıq həyata keçirdiyini və bir-birini daim dəstəklədiyini məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Qambiya tərəfindən beynəlxalq platformada dəstəklənməsinə görə təşəkkürünü bildirib.
Xarici işlər naziri Ousainu Darboe deyib ki, Qambiya prezidenti Adama Barrou İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişafa nail olduğunu və bölgədə əməkdaşlığa, iqtisadi inkişafa, sülhün və təhlükəsizliyin təmin olunması işinə mühüm töhfə verdiyini bildirib. Nazir Azərbaycanla Qambiyanın Qoşulmama Hərəkatında fəal iştirakını qeyd edərək ölkələrimizin İslam Əməkdaşlıq Təşkilatında, BMT-də bir-birini qarşılıqlı surətdə dəstəklədiyini vurğulayıb. O qeyd edib ki, ölkəsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Qambiya prezidenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pisləyir.
Söhbət zamanı Azərbaycanla Qambiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd edilib.