Akif Əlizadə: "AMEA-da bakalavr təhsili təşkil edilsin!"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak ediblər.

 

İlk olaraq yığıncaqda AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə  bildirib ki, ölkədə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan insanların sayı 32 mindən çoxdur.  Onların 30 faizi AMEA əməkdaşıdır.

 

Akif Əlizadə vurğulayıb ki, ötən il AMEA-nın üzvlüyünə akademiyanın 16 həqiqi üzvü, 25 müxbir üzvü seçilib. Respublika üzrə 12 nəfər alim AMEA-nın professoru adına layiq görülüb.
 
AKif Əlizadə qeyd edib ki, AMEA-nın magistraturasında 2017-2018-ci tədris ili üçün ixtisasların və qəbul yerlərinin sayı artırılıb, magistraturaya 12 ixtisas, 39 ixtisaslaşma üzrə yüksək balla 67 nəfər qəbul olunub. O, AMEA-da bakalavr səviyyəsi üzrə təhsilin təşkil edilməsi ilə bağlı təşəbbüs irəli sürüb.

 

Daha sonra çıxış edən  təhsil naziri Ceyhun Bayramov deyib ki,  Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanıb.

 
Kənd təsərrüfatı naziri İnam Kərimov AMEA və KTN-nin mütəxəssisləri tərəfindən birgə elmi araşdırmaların aparılmasının zəruriliyini vurğulayıb.

 

Daha sonra akademiyanın görkəmli elm adamlarının adlarını daşıyan mükafatları sahiblərinə təqdim edilib. 6 alim AMEA-nın adlı mükafatları ilə təltif olunub. Akademik Bahadur Tağıyev Nəsirəddin Tusi adına, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Həsən bəy Zərdabi adına, xalq rəssamı Tahir Salahov akademik Üzeyir Hacıbəyli adına, akademik Abel Məhərrəmov akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev akademik Musa Əliyev adına və akademik Nailə Vəlixanlı Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.

 

Qeyd edək ki, qaliblərin hər birinə 5 min manat məbləğində pul mükafatı verilir.

 

Bundan başqa, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüb.

Müəllif | Apa.Tv
Almaz Qasımova