Rusiyada yaşamaq istəyənlər İMTAHAN VERƏCƏKLƏR

Rusiya Dövlət Duması ölkədə yaşamaq və işləmək hüququ almaq istəyən əcnəbi vətəndaşların rus dili, tarix və qanunvericiliyin əsasları üzrə icbari qaydada imtahan verməsi ilə bağlı qanun layihəsini II və III oxunuşda təsdiq edib. Bu icazənin alınması üçün xarici dövlətlərin vətəndaşları həmin imtahanların verilməsi haqqında müvafiq sertifikat və ya SSRİ dövründə 1 sentyabr 1991-ci ilədək təhsil alması ilə bağlı sənəd təqdim etməlidir. Sertifikat verildiyi tarixdən 5 il müddətində qüvvədə olacaq.

APA TV-nin xəbərinə görə, yüksək dərəcəli mütəxəssislər, iş qabiliyyəti olmayan şəxslər, 18 yaşınadək və 60 yaşdan yuxarı olanlar, həmçinin xüsusi dövlət proqramı çərçivəsində Rusiyaya köçən repatriantlar imtahanlardan azaddır.

Yeni qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Artıq yaşamaq hüququ almış şəxslər isə bu hüququn vaxtının uzadılması zamanı imtahanların verilməsi ilə bağlı sertifikatı təqdim etməli olacaqlar.

Bundan başqa, Dövlət Duması Rusiyaya vizasız gələn və işləmək icazəsi almaq istəyən şəxslərin narkoman olmaması və onlarda cəmiyyət üçün təhlükəli olan xəstəliklərin olmaması haqqında arayış təqdim etməsi ilə bağlı qanunu təsdiqləyib.

Müəllif | Apa.Tv
Apa.tv