"Libraff"ın Azərbaycandakı ən böyük mağazası açıldı
"Libraff Park Akademiya" kitab mağazasının açılışı və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş kitablarının sərgisi keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov, tanınmış ictimai xadimlər, millət vəkilləri iştirak edib.
Tale Heydərov tədbirdə çıxış edərək bildirib ki, açılışı keçirilən bu mağaza "Libraff"ın Azərbaycandakı ən böyük kitab mağazasıdır: "Biz bu layihəni yaradarkən qarşımıza müxtəlif məqsədlər qoymuşuq. Kitab satışı ilə bərabər, Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi bizim layihənin əsas funksiyalarından biridir. Bildiyiniz kimi, cənab prezident İlham Əliyev 2018-ci ili Azərbaycanda "Cümhuriyyət ili" elan edib, bununla bağlı müvafiq sərəncam imzalayıb. Bu tədbirlərə Avropa Azərbaycan Cəmiyyəti olaraq biz də qoşulmuşuq, müxtəlif kitabların çapına start vermişik".
Sonra "Teas Press" Nəşriyyatının AXC ilə bağlı çap etdiyi kitabların təqdimatı keçirilib.
Çıxış edənlər "Libraff" kitab mağazasının açılmasını ölkəmizin inkişafının və yüksək mədəniyyətinin göstəricisi kimi dəyərləndiriblər.