Həyətində çətənə kolları əkib-becərənlər ələ keçdi - "XAŞXAŞ" ƏMƏLİYYATI
Astara polisi rayon ərazisində narkotik bitki əkib-becərən şəxsləri saxlayıb. APA TV-nin cənub bürosunun məlumatına görə, əməliyyat tədbirləri Astara RPŞ əməkdaşları tərəfindən “Xaşxaş-2018” tədbirlər planı çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində həyata keçirilib.
Müəyyən edilib ki, rayon polisi saxlanılan şəxslərin Artupa və Şiyəkəran kəndlərində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməsi barədə əməliyyat məlumatı əldə edib. Bundan sonra Şiyəkəran kənd sakini Rusif Əliyevə məxsus yaşayış evinin həyətinə keçirilən baxış zamanı yarımtikilinin içərisində əkilmiş 32 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Mahir Quliyevə məxsus bağ sahəsində də bu cür kollara rast gəlinib.
"Astara rayonunun Artupa kəndində yerləşən bağ sahəsinə keçirilən baxış zamanı qanunsuz olaraq orada əkilmiş 26 ədəd çətənə kolları aşkar olunaraq götürülmüşdür", - deyə işi araşdıran müstəntiq Ziya Rüstəmov bildirib.
Hər iki faktla əlaqədar Astara RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.