Çin idxalı azaldıb, ABŞ-da hasilatı artırır, neftin bahalaşması ləngiyir

Birjalarda həftənin son seanslarında "Brent" markalı neftin qiyməti ucuzlaşıb. Həftəni 76,40 dollarla başa vuran neftin həftəlik qiymətində dəyişiklik olmayıb. İyunun 4-də birjaların ilk seansında "Brent" neftinin qiyməti 76,48 dollar olmuşdu, beş günlük ticarət sessiyalarının sonunda qiymətlərin 76.40 dollar olması bazarda stabilliyin yarandığını göstərir.

 

Qərbi Texas neftinin də həftəlik qiymətində ciddi dəyişiklik olmayıb. Həftənin əvvəlində 65,83 dollara satılan WTİ nefti dünən başa çatan son seansda 65,57 dollardan təklif olunub. "Brent" neftinin həftə ərzində ən yüksək qiyməti 77,44 dollar, Qərbi Texas neftinin ən yüksək qiyməti isə 66,11 dollar olub.

 

Birjaların son seansları ərəfəsində neftin dəyər itirməsinə iki amil ciddi təsir göstərib. Çinin neft idxalını azaltması və ABŞ-da hasilatın son üç ilin ən yüksək həddə çatması qiymətlərin bahalaşmasına imkan vermir. Çin gömrük orqanlarının son aylıq hesabatına görə, gündəlik neft idxalı 420 min barel azalıb. ABŞ-da isə gündəlik hasilat isə ilk dəfə olaraq 10,82 milyon barelə çatıb. Birləşmiş Ştatlarda hasilata cəlb olunan buruqların sayı 861-ə çatıb ki, bu da ötən ilin müvafiq dövründən 128 vahid çoxdur. Bu səbəbdən gələn həftə neftin qiymətində ucuzlaşma olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv