Tramp "G-7" sammitini yarımçıq tərk etdi: "Rusiyanın statusu bərpa olunmalıdır"

Kanadada "Böyük yeddilik" ölkələrinin növbəti sammiti öz işinə başlayıb.

 

APA TV-nin "Reuters" xəbər agentliyinə istinadən xəbərinə görə, sammitdə əsas müzakirə mövzusu ABŞ prezidenti Donald Trampın Avropa Birliyi ölkələrinə və Kanadaya qarşı tətbiq etdiyi vergi siyasəti olub.

 

Donald Trampın keçən həftə Kanada və Avropa Birliyindən idxal olunan alüminium və digər metal avadanlıqlara yeni vergi tarifləri tətbiq etməsi Qərb ölkələrinin kəskin etirazına səbəb olmuşdu. Danışıqlarda Qərb ölkələri Donald Trampı vergi siyasətini dəyişməyə çağırsalar da, Ağ Ev rəhbəri mövqeyindən dönməyib.

 

Yalnız Kanada və Fransa prezidentləri ilə görüşdən sonra müəyyən güzəştlərin mümkünlüyünü qeyd edən Tramp müsbət bir nəticənin əldə olunacağına inandığını qeyd edib.

 

Toplantıda "Böyük Yeddilik" ölkələri gələcəkdə məlumat mübadiləsi aparmaq, ölkə daxilində keçirilən seçkiləri kənar müdaxilələrdən qorumaq üçün əməkdaşlıq etmək barədə qərar qəbul ediblər.

 

"G-7" sammitinin bu gün davam etdirilməsi nəzərdə tutulsa da, ABŞ prezidenti günorta saatlarında Vaşinqtona qayıtmalı olduğunu bildirib və toplantını tez tərk edib. Tramp getməzdən əvvəl əlavə edib ki, 2014-cü ildə Krımın işğalından sonra "Böyük səkkizlik"dən xaric edilən Rusiyanın qurumdakı statusu bərpa olunmalıdır.

 

Qeyd edək ki, sammitdə bu gün İranla nüvə razılaşması və Suriya məsələsi müzakirə olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv