Prezident: "Ümidvaram ki, Alyans Azərbaycan torpaqlarının işğalı faktına adekvat qiymət verəcək"
Bu gün Bakıda Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammiti başlayıb.
APA TV-nin məlumatına görə, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Azərbaycan prezidenti İlham Əliyevin müraciəti oxunub.
Müraciəti Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.
Dövlət başçısı Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının qısa müddətdə Avropada nüfuzlu təşkilata çevrildiyini bildirib:
"Qurumun azadlıq, demokratiya kimi bəyan etdiyi ənənələr Azərbaycan xalqının həyatında mühüm yer tutur. Bu tədbir Avropada bir çox dövlətlərdən öncə qadınlara səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi dövrə təsadüf edir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir:
"Cənub Qaz Dəhlizi bu sahədə uğurlara yeni imkanlar yaradacaq. Azərbaycan humanitar əlaqələrin inkişafına dəstək verir, qlobal problemlərin həllində iştirak edir, Təəssüf ki, 30 il əvvəl başlamış Dağlıq Qarabağ münaqişəsi ölkəmizin və regional inkişafın qarşısında ən böyük mane olaraq qalmaqdadır. Ermənistan torpaqlarımızın 20 faizini işğal edib, 1 milyondan çox insanımız məcburi köçkünə çevrilib. Beynəlxalq təşkilatlar münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı qətnamə və qərarlar qəbul etsə də, münaqişənin həlli ilə bağlı real addımlar atılmayıb. Ümid edirəm ki, Alyans Azərbaycan torpaqlarının işğalı faktına adekvat qiymət verəcək. İnanıram ki, bu sammit yüksək işgüzarlıq şəraitində keçiriləcək, demokratiyanın inkişafına, sülhün bərpasına xidmət edəcək".
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov qeyd edib ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının sammitinin Bakıda keçirilməsi ölkəmizin siyasi həyatında əlamətdar hadisədir.
Z. Əsgərov vurğulayıb ki, indi dünya birliyi terrorizm, separatizm, qaçqın, məcburi köçkün, insan alveri, narkotiklə mübarizə, iqlim dəyişkənliyi, epidemiya kimi problemlərin həlli üçün səmərəli yollar tapmaqla üz-üzə gəlib.
"Azərbaycan uzun illərdir torpaqlarının işğalı ilə bağlı beynəlxalq birliyə çağırış edərək ədalətin bərpa olunmasını tələb edir. Biz əminik ki, bu və digər problemlər beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq nizama salınacaq və bu da Avropada sülh, sabitlik , təhlükəsizliyin təminatına xidmət edəcək".
Millət vəkili Qüdrət Həsənquliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansını Cənubi Qafqazdakı münaqişələrə həssas yanaşmağa çağırıb. Q. Həsənquliyev deyib ki, Azərbaycan Avropa və Asiya arasında çox önəmli nəqliyyat qovşağına çevrilib:
"Qarşımızda duran ən ciddi problem ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafdakı 7 rayonu Rusiyanın forpostu olan Ermənistan tərəfindən işğal olunub. 1999-cu ildə Dəmirçiyan münaqişənin Azərbaycanla sülh yolu ilə həll olunması ilə bağlı danışıqlara başladığı üçün parlamentdə qətlə yetirilib".
Millət vəkili qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa riayət edərsə, münaqişə həllini tapacaq:
"Bu münaqişə regionda böyük humanitar fəlakətə gətirib çıxarıb. Biz ordu müdafiə sənayesinin inkişafına böyük diqqət yetiririk. Bu münaqişə həllini taparsa, bu vəsait digər sahələrə həllini tapa bilər. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının çatdığını düşünürük. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək lazımdır".
Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq ticarət komitəsinin vitse-prezidenti Yan Zahradil çıxışında sammitin iştirakçılarına ünvanladığı təbrik məktubuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sammit çərçivəsində "Enerji təhlükəsizliyi", "İqtisadi azadlıq", "Rəqəmsal iqtisadiyyat", "Təhsil transformasiyası", "Nəqliyyat və əlaqə" və "İdarəetmə və lokallıq" mövzularında panellər keçiriləcək.