Günvurma, ilan sancma, əqrəb sancma halları artır - ÖLÜM FAKTI YOXDUR
May-iyun aylarında Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə günvurma ilə bağlı 40 müraciət daxil olub. Şöbənin müdiri Azər Maqsudovun sözlərinə görə, onlardan 6 nəfər ağır vəziyyətdə müraciət edib.
Həkim müdaxiləsindən sonra həmin xəstələrin səhhətləri əvvəlki vəziyyətinə qayıdıb və onlar evə buraxılıblar. Azər Maqsudov qeyd edib ki, günvurma ilə bağlı son həftələrdə ölüm faktı qeydə alınmayıb.
Qeyd olunan dövrdə şöbəyə son dövrlərdə ilan sancması hadisəsi ilə bağlı 3, əqrəb sancması faktı ilə bağlı 2 müraciət daxil olub. Heç bir hadisə ilə bağlı ölüm faktı qeydə alınmayıb.
May-iyun aylarında 12 nəfər dərmandan zəhərlənib. Həkimlərin müdaxiləsindən sonra xəstələrin vəziyyəti yaxşılaşıb. Aprel ayında isə sirkə turşusundan zəhərlənmə faktı ölümlə nəticələnib. Həkimlərimizin səylərinə baxmayaraq, sirkə turşusu içmiş qadının həyatını xilas etmək mümkün olmayıb.