Putinin "rus hamamı" siyasəti - Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başladı
Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitinə start verilib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani bir araya gəliblər.
Görüş zamanı liderlər bölgədəki vəziyyəti və Suriya məsələsini müzakirə ediblər. İran prezidenti Həsən Ruhani Yaxın Şərq regionunda təhlükəsizliyi qorumaq üçün Rusiya ilə birlikdə hərəkət etdiklərindən məmnunluğunu qeyd edib. O bu tərəfdaşlığı region üçün vacib və güclü amil adlandırıb.
Daha sonra ABŞ-ın İranla bağlanan nüvə razılaşmasını ləğv etməsi məsələsinə toxunan İran prezidenti bu barədə ciddi dialoqun aparılmasının vacibliyini vurğulayıb.
"Rusiya nüvə razılaşmasında olduqca vacib addımlar atdı. Ancaq ABŞ qeyri-qanuni olaraq onu ləğv etdi. Burada konstruktiv tədbirlərin görülməsinə ehtiyac var. Moskva və Tehran bu barədə işbirliyini artırmalıdır " deyə Həsən Ruhani qeyd edib.
Xatırladaq ki, bu gün Şanxaya gələn Vladimir Putin Çin prezidenti Si Szinpin ilə görüşüb və ona Altay sidrindən hazırlanmış "rus hamamı" hədiyyə edib. Kreml rəhbərinin sammit çərçivəsində Tacikistan və Özbəkistan prezidentləri ilə görüşləri gözlənilir. Çin lideri isə rusiyalı həmkarına ölkənin ən yüksək mükafatı olan "Şərəf" medalını təqdim edib.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatına Rusiya, Çin, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Əfqanıstan, Belarus, İran və Monqolustan isə müşahidəçi statusu ilə sammitdə iştirak edirlər. Sammit iki gün sonra başa çatacaq.