Zaqatalada avtomobilin aşması nəticəsində bir ailənin 6 üzvü xəsarət alıb

Zaqatalada baş verən yol qəzasında bir ailənin 6 üzvü xəsarət alıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə gecə saat 03:00 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Çobankol kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayonunun Tülü kənd sakini, 1974-cü il təvəllüdlü Seyidov Ramiz Bayram oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakıdan Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomaşını aşırıb və nəqliyyat vasitəsi yol səviyyəsindən 4 metr aşağıdakı düzənliyə düşüb. Qəzadan sonra sürücü R.Seyidov, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Seyidova Aytən Kamil qızı, onların övladları, 2000-ci il təvəllüdlü Xaqani və 2001-ci il təvəllüdlü Sənan, Ramizin bacısı, 1976-cı il təvəllüdlü Esmira Məmmədova və Esmiranın qızı, 2014-cü il təvəllüdlü Məmmədova Fatimə Loğman qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Zaqatala MRX-dən bildirilib ki, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə müayinə və müalicələrinin davam etdirilməsi üçün Balakən MRX-yə göndəriliblər. Onlardan 3 yaşlı Fatimə reanimasiya, R.Seyidov və E.Məmmədova cərrahiyyə şöbəsinə yerləşdirilib. Digər yaralıların vəziyyəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv