Bağdadda təkrar sayılması nəzərdə tutulan seçki bülletenlər yanıb
Bağdadda mayın 12-də ölkədə keçirilən parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin əksəriyyətinin saxlanıldığı anbarda yanğın olub. APA TV-nin məlumatına görə, bu barədə "Al Sumaria" telekanalı İraq Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
İraq Mülki Müdafiə Qüvvələri tərəfindən yanğın lokallaşdırılıb. Anbar İraq Ticarət Nazirliyinə məxsus olub və bülletenlərin saxlanılması üçün İraq Ali Seçki Komissiyasına icarəyə verilib.
İraqdakı bir sıra partiyalar parlament seçkilərində seçki komissiyalarını bülletenlərin sayılmasında saxtakarlığa yol verməkdə ittiham edib. Bülletenlərin əksəriyyətinin saxlandığı anbarda da yanğın İraq parlamentinin səslərin yenidən sayılması ilə bağlı qərar verməsi fonunda baş verib. Səslərin sayılması BMT və İraq Ali Məhkəmə Şurasının təmsilçilərinin nəzarəti altında 10 min könüllünün iştirakı ilə keçirilməlidir.
Qeyd edək ki, mayın 12-də İraqda keçirilən parlament seçkilərində seçicilərin 44,5 faizi iştirak edib. Seçkidə şiə lider Müqtəda əs-Sədrin başçılıq etdiyi blok qalib gəlib və parlamentdə 54 yer qazanıb. İkinci yerdə İraqın baş naziri Heydər əl-İbadinin başçılıq etdiyi "Nasr" bloku qərarlaşıb. "Nasr" bloku parlamentdə 42 yerə sahib olub.