Güclü yağışlar Tovuzda təsərrüfata ziyan vurub

İyunun 10-da səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb. APA TV-nin qərb bürosunun məlumatına görə, leysan nəticəsində kənd təsərrüfatı sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. M.Ə.Sabir və H.Aslanov küçələrində bir neçə evin və ticarət obyektlərinin zirzəmisinə yağış suları dolub. Rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil keçiddə qalıb.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, gün ərzində yağışın fəsadları aradan qaldırılıb. Evlərdən yağış suları xüsusi nasoslar vasitəsilə çəkilib. Elektrik enerjisinin verilişi bərpa olunub.

Müəllif | Apa.Tv
Apa.tv