ABŞ və KXDR liderləri Sinqapurdadır - SABAH GÖRÜŞƏCƏKLƏR
ABŞ prezidenti Donald Tramp Sinqapura gəlib. APA TV-nin məlumatına görə, ABŞ telekanalları D.Trampın göyərtəsində olduğu təyyarənin Sinqapurdakı Payya-Leba Hərbi Hava Bazasına enişi və "Shangri-La" otelinə yollanmasını canlı yayımda nümayiş etdiriblər.
Şimali Koreya lideri Kim Çen In da ABŞ prezidenti ilə görüşmək üçün artıq Sinqapurdadır. Onu bazar günü Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan ölkə paytaxtının hava limanında qarşılayıb.
Liderlərdən əvvəl iyunun 11-də Sinqapurda iki ölkənin nümayəndə heyətlərinin görüşü keçiriləcək. Ağ Evin mətbuat katibi Sara Sandersin sözlərinə görə, Sinqapura gəldikdən sonra ABŞ prezidenti D.Tramp vaxtını əməkdaşları ilə keçirib, müvafiq sənədlərlə tanış olub. ABŞ prezidentini Sinqapura səfərdə dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik üzrə müşavir Con Bolton və Ağ Ev aparatının rəhbəri Con Kelli müşayiət edir.
KXDR və ABŞ qarşıdan gələn sammitdə hər iki ölkə üçün aktual olan məsələlər, o cümlədən Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə edəcəklər. Bu barədə Şimali Koreyanın rəsmi Mərkəzi Teleqraf Agentliyi xəbər verib.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş iyunun 12-də Sinqapurda baş tutacaq.