"G7" sammitində qalmaqal - TRAMP ACIQ EDİB GETDİ
Kanadada "G7" sammiti liderlər arasında qarşıdurma ilə yadda qalıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, zirvə görüşündə ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emanuel Makron və Kanadanın baş naziri Castin Trüdo arasında gərginlik davam edir.
Əsas müzakirə mövzusu isə yenə də D.Trampın Avropa İttifaqı və Kanadaya tətbiq etdiyi gömrük vergisi olub. Qərb liderləri Ağ Ev rəhbərini yeni vergilərin azaldılması üçün razı salmağa çalışsa da, D.Tramp geriyə addım atmayıb. Mütəxəssislər danışıqlarda mühüm bir nəticənin əldə olunmadığını qeyd edib.
Fransa prezidenti E.Makron çıxışında "G7" toplantısını "G6" toplantısı kimi də keçirə bilərik. Bizim üçün bu barədə heç bir problem yoxdur" - deyə açıqlama verib.
Kanadanın baş naziri C.Trüdo isə "Biz sülhsevər xalqıq amma heç kəs bizi təhqir edib, alçalda bilməz" ifadəsini işlədib və D.Trampın vergi siyasətinin qəbuledilməz olduğunu qeyd edib.
Sammiti vaxtında əvvəl tərk edən D.Tramp isə "Twitter" hesabından "Cənab baş nazir C.Trüdo, mən getdikdən sonra bizim vergi siyasətimiz barədə bir çox fikirlər səsləndirib. Mən orda olduğum zaman isə olduqca mülayim idi. Çox ikiüzlü və zəif insandır" cümləsini yazıb.