Altı uşaq anası yardım istəyir

Bərdədə ünvanlı sosial yardım ala bilməyən 6 uşaq anası dövlətdən yardım istəyir.

 

APA TV-nin xəbərinə görə, Rüstəmovlar ailəsi Bərdə şəhəri Sərhad Zöhrabbəyov küçəsi?  ev 14 ünvanında yaşayır.

 

Yatacağı da, oturacağı da, mətbəxi də cəmi bir otaqda yerləşir. Və bu  evdə 6 uşaq böyüyür - 5 oğlan, 1 qız...

 

Vüsalə 2005-ci ildə ailə qurub. 2008-ci ildə isə yaşadığı 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yaxın qohumların və qonşuların köməyi ilə, bir də yanğın vaxtı üzərində olan qızılları sataraq bu bir otaqlı evi qurub. O gündən üz tutduğu bütün qurumların bu ailəyə köməklik göstərmədiyini deyir. Ölkə başçısına ünvanladığı məktuba müsbət cavab gəlsə də, təəssüf ki, yerli icra orqanları məsələyə biganəlik nümayiş etdirib: "İki dəfə cənab prezidentimiz İlham Əliyevə müraciət etmişəm. İkisində də prezidentimiz icra hakimiyyətinə tapşırıq verib. Ancaq bizi ordan qaytarıblar. Deyiblər, bizdə sizə ayrılası vəsait yoxdur".

 

Vüsalənin həyat yoldaşının daimi iş yeri yoxdur və 8 nəfərlik ailəni fəhləliklə dolandırır. Əldə etdiyi gəlirin bir qismini də ünvanlı sosial yardım almaq üçün rüsum ödəyir. Lakin dəfələrlə müraciət etsə də, sənədlərinə imtina cavabı gəlib: "Neçə illərdir hər il uşağın ağzından kəsib sənədlər hazırlayıb göndəririk, imtina gəlir. Gah deyirlər nömrə var adınıza, gah deyirlər VÖEN-i bir il ödəyin. Hamısını da eləmişik, bax, bir il boyunca uşağın boğazından kəsib fəhləliklə aparıb ödəyir, amma yenə də imtina gəlir. Yoldaşım fəhlədir, elə olur ki, günlərlə iş olmur. Birtəhər dolanırıq".

 

6 uşağı şəraitsiz bir tikilidə böyüdən Vüsalənin son ümidi ölkə rəhbərliyinədir: "Mehriban xanım Əliyevaya müraciət edirəm ki, 5 əsgər, 6 uşaq böyüdürük zülm-zillətlə. Heç olmasa, sosialımızı düzəltsinlər, heç olmasa bunların yatacaq iki otaqları olsun ki, bu uşaqlar yatmağa yer tapsınlar. Heç kimdən istəmirəm, dövlətimdən istəyirəm, Mehriban xanımdan istəyirəm".

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd