Qoyun sürüsünə "ikiayaqlı canavarlar" hücum etdi - CƏLİLABADDA
Cəlilabadda qışlaqdan yaylağa aparılan sürüdən xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Biləsuvar rayonundan Lerik rayonundakı qışlaq sahəsinə aparılan qoyun sürüsünü çobanların gecələmək məqsədilə bir müddət Cəlilabad rayonunun Uzuntəpə kəndində saxlaması onlara baha başa gəlib.
Havanın qaranlığından istifadə edən bir neçə şəxs sürüdən 56 baş qoyun və 3 baş keçi oğurlayıb. Oğurluq hadisəsi barədə Cəlilabad Rayon Polis Şöbəsinə daxil olan müraciət əsasında isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri ilə ümumi dəyəri 11 500 manat olan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onların rayonun Uzuntəpə kənd sakinləri Ruhid Paşayev, Sarəddin Həsənov, Murad Abdullayev və Taleh Fərzəliyev olduqları müəyyən edilib.
Müstəntiq Gündüz Hacızadə hadisə barədə ətraflı məlumat verib: "975 baş xırdabuynuzlu gözətçinin nəzarətində Biləsuvar rayonunda yerləşən qışlaq sahəsindən Lerik rayonunda yerləşən yaylaq sahəsinə aparılarkən gözətçilərin Cəlilabad rayonunun Uzuntəpə kəndində gecələməsindən istifadə edən Cəlilabad rayon Uzuntəpə kənd sakinləri qabaqcadan əlbir olub bir qrup təşkil edərək 59 baş xırdabuynuzlu heyvanı oğurlayıblar".
Dəstə üzvləri oğurluq qoyunları öz heyvanları adı altında elə həmkəndlilərinə satıblar. Bunun müqabilində əldə etdikləri pulu isə öz aralarında bölüblər. Satılmış xırdabuynuzlu heyvanlar geri qaytarılaraq təsərrüfat sahibinə verilib.