Prezident Raket Qoşunlarının hərbi hissəsinin açılışında iştirak edib
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.
APA TV-nin xəbərinə görə, müdafiə naziri Zakir Həsənov dövlət başçısına raport verib.
Bildirilib ki, hərbi hissənin inşasına 2017-ci ilin mayında başlanılıb. Ümumi ərazisi 36 hektar olan hərbi hissədə qərargah binası, əsgər yeməkxanası və yataqxanası, idman və sıra düzülüş meydançaları, maşınlar üçün qaraj, nəzarət buraxılış məntəqəsi, nəzarət qüllələri quraşdırılıb.
Dövlət başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub.
Hərbi hissədə quraşdırılan idman meydançasında hərbi qulluqçular mini-futbol, basketbol və voleybolla məşğul ola biləcəklər.
Hərbi hissənin raketlərin yoxlanılması anqarında zəruri avadanlıq quraşdırılıb. Burada raketlər təmir ediləcək və yoxlanılacaq. Burada həmçinin raket meydançası da yaradılıb.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev raketlərin saxlanması və döyüş maşınlarına yüklənməsi anqarına da baxıb.
Yeni hərbi hissənin ərazisində iriqabaritli hərbi maşınlar üçün saxlanma anqarı, yanacaqdoldurma məntəqəsi, açıq test meydançası yaradılıb.
Dövlət başçısı döyüş texnikası parkında hərbi texnikaya baxıb.
Ali Baş komandana əməliyyat-taktiki raket kompleksi olan “POLONEZ” barədə məlumat verilib. Onun maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur.
Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir.