Bərdədən gətirdiyi narkotiki Zərdabda satan şəxs saxlanıldı: "Gözümü müalicə edəcəkdim"
Zərdabda narkotik vasitə satan şəxs saxlanılıb. APATV-nin yerli bürosunun xəbərinə görə, Zərdab Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Kəlbəcər rayon sakini Yusifov Gəray Əfqan oğlu rayon ərazisində ümumi çəkisi 1,345 kq olan narkotik tərkibli qurudulmuş marixuananı 500 manata satarkən tutulub.
İlkin araşdırma zamanı məlum olub ki, G.Yusifov qurudulmuş marixuananı Bərdə rayonundan əldə edərək satış məqsədi ilə Zərdaba gətirib. Onun üzərinə baxış keçilərkən 500 manat pul maddi sübut kimi götürülüb.
G. Yusifovun dediyinə görə, narkotik tərkibli bitkinin Kür çayının kənarında yabanı şəkildə bitdiyini görüb. Bitkini yığaraq evə gətirib və qurudub. Gözünü müalicə etdirmək üçün pul lazım olduğundan əldə etdiyi narkotik bitkini satmaq qərarına gəlib.
Polisin sayıqlığı nəticəsində tutulan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Zərdab Rayon Polis Şöbəsində G.Yusifovun digər cinayətlərinin olub-olmadığı araşdırılır.