Şamaxının kəndinə gələn sel yolda göl yaratdı, avtomobillər suda qaldı
İki gündür Şamaxıya yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları rayonun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub. Sel suları qəflətən yolu basaraq orada böyük göl əmələ gətirib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, çökək ərazidən keçən yol və oradakı avtomobil körpüsünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün kəndə gedib-gələn avtomobillərin hərəkəti məhdudlaşıb.
Sürücülər bildirir ki, hər dəfə rayona güclü leysan yağışları yağanda kəndin körpüsünü su basaraq yolu bağlayır, avtomobillər saatlarla yolda qalır. Qəfildən gələn sel suları piyadalar və onların mal-qarası üçün də təhlükə yaradıb. Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, bir neçə avtomobil suyun ortasında qalıb. Mədrəsə kəndindən rayon mərkəzinə sərnişin daşıyan avtobus da mühərriki sıradan çıxdığı üçün suyu keçə bilməyib.
Avtobusda olan sərnişinlər bir saat suyun ortasında gözləməli olub. Kənd sakinləri tərəfindən əraziyə çağırılan texnika vasitəsi ilə avtobus sudan çıxarılıb.