Donald Trampla Kim Çen In arasında tarixi görüş - ƏL SIXARAQ BAŞLADILAR
Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş baş tutub. APA TV-nin məlumatına görə, danışıqlar Sentosa adasındakı “Kapella” hotelində keçirilib.
D.Tramp və Kim Çen In bir-birilərinin əlini sıxıb. ABŞ prezidenti qarşıdakı görüşün uğurlu olacağına əmin olduğunu bildirib. Kim Çen In isə qeyd edib ki, tarixi görüşün gerçəkləşməsi üçün hər iki ölkə bir çox çətinliklərin öhdəsindən gəlib.
İki ölkə lideri arasında təkbətək görüş başa çatıb. Görüş 48 dəqiqəyə yaxın davam edib. Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Danışıqlara ABŞ-ın dövlət katibi Mayk Pompeo, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton və Ağ Evin aparat rəhbəri Con Kelli qatılıb. Şimali Koreyanı geniş tərkibli görüşdə XİN rəhbəri Li Yon Ho, nazirliyin Şimali Amerika departamentinin başçısı Tsoy Son Hi və digər rəsmi şəxslər təmsil edib.
Söhbət zamanı tərəflər Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə ediblər.
Bundan sonra ölkə rəhbərləri nümayəndə heyətləri ilə birgə işçi naharda iştirak edəcəklər.