ANA ÖLÜMÜNƏ GÖRƏ 10 həkim işdən çıxarılıb - RƏSMİ

"2013-cü ildə 175 minə yaxın doğuş qeydə alınıb. Doğuş zamanı 24 ana ölümü baş verib".

APA TV-nin xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva nazirlikdə keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, baş verən 23 ana ölümü halının 2/3-si ilə bağlı inzibati tədbirlər görülüb. Dekabrın 19-da baş verən ana ölümü ilə əlaqədar isə hazırda komissiya araşdırma aparır: "Ana ölümləri ilə bağlı bu ilin 11 ayı ərzində 10 həkim işdən çıxarılıb, 77 tibb işçisi barəsində isə müxtəlif inzibati tədbirlər görülüb. Bəzilərinə şiddətli töhmət verilib, bəziləri barəsində digər inzibati tədbirlər görülüb”.

Ölümlərin səbəbinə gəlincə, komissiyanın sədri deyib ki,  səbəblər müxtəlifdir. Hamilə qadınlar bəzi hallarda qeydiyyata durmurlar, müxtəlif özəl klinikalara müraciət edirlər. Həmçinin, onların müxtəlif xəstəlikləri olur və ya bunu mentaliteti əsas götürərək yaxınlarından və həkimlərdən gizlədirlər: "Qan təzyiqi və s. xəstəlikər daha çox hamiləlik vaxtı özünü göstərir. Böyrəkdə zülalın itməsi daha çox qan təzyiqinin qalxması, qanaxmadan olur".

2013-cü ildə doğuş zamanı baş vermiş ana ölümünün 5-i Bakıda, 2-si Göycayda qeydə alınıb. 

Müəllif | Apa.Tv