Neftin qiyməti ucuzlaşa bilər - BİRJALAR FES-İN DOLLARLA BAĞLI QƏRARINI GÖZLƏYİR

Dünya bazarında "Brent" markalı neftin qiyməti 76 dollar ətrafında sabitləşməkdədir.


APA TV-nin məlumatına görə, artıq üçüncü həftədir ki, neftin qiymətində ciddi dəyişiklik qeydə alınmır və ABŞ-da hasilatın artımı və İrana qarşı sanksiyaların tətbiqinin qiymətlərə təsiri bitmək üzrədir.

Qiymətləri dəyişdirəcək yeni amil ortaya çıxmasa, "Brent" markasının qiymətində yaxın günlərdə ciddi dəyişiklik olmayacaq.

 

Lakin belə bir amilin sabah meydana çıxacağı istisna deyil. Federal Ehtiyat Sisteminin (FES) dolların faiz dərəcəsini növbəti dəfə artırmaq ehtimalı 90 faizə yaxınlaşır. Sonuncu dəfə matın 21-də dərəcələri artıran FES bu gün başlayan iclasda yenidən analoji qərar qəbul edə bilər ki, bu da qiymətlərə mənfi təsir göstərmiş olacaq. Gün ərzində neftin ucuzlaşma trendinə girməsi mümkündür. Belə trendin formalaşması birjalarda və maliyyə dairələrində FES-in faiz dərəcələrin artıracağına daha böyük inam olduğunu göstərəcək.

 

Hazırda birjalarda "Brent" neftinin bir bareli 76,50 dollardan, Qərbi Texas neftinin bir bareli isə 66,22 dollardan satılır. Bu gün həmçinin ABŞ-ın neft ehtiyatlarının həcminə dair proqnoz xarakterli hesabatın açıqlanacağı gözlənilir. Ötən həftə hasilata cəlb olunan buruqların sayının kəskin artdığını nəzərə alsaq, ehtiyatların da paralel olaraq artacağını güman etmək olar. Anbarlarda və tankerlərdə saxlanan ehtiyatların həcminə dair rəsmi hesabat isə sabah açıqlanacaq.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı