"ASAN Xidmət" Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edəcək

Qida Təhlükəsizliyi Agentliyi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") arasında memorandum imzalanıb.

 

APA TV-nin xəbərinə görə, tədbirdə açılış nitqi ilə çıxış edən Ülvi Mehdiyev bildirib ki, "ASAN Xidmət" mərkəzlərində Qida Təhlükəsizliyi Agentliyinin 14 xidməti həyata keçiriləcək və regionlarda xidmətlərin təşkili təmin ediləcək.

 

Qoşqar Təhməzli isə qeyd edib ki, iki qurumun birgə fəaliyyəti nəticəsində qida təhlükəsizliyi sahəsində uğurlar əldə ediləcək.

 

Daha sonra "ASAN Xidmət"in sədri Ülvi Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iki qurum arasında əməkdaşlığı təmin edəcək memorandumu imzalayıblar.

Memoranduma əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı təşkilati işlər "ASAN Xidmət" mərkəzləri vasitəsilə həyata keçiriləcək.


Memorandumda "ASAN Xidmət" təcrübəsinin öyrənilməsi, xidmətlərin elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının formalaşdırılması, "ABAD" publik hüquqi şəxslə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı