23 bağ evini qarət edən dəstə ələ keçdi - SUMQAYITDA ƏMƏLİYYAT
Sumqayıt polisi Novxanı, Corat və Qurd Dərəsi bağlar massivində fərdi evlərdən silsilə oğurluqlar edən dəstəni ələ keçirib.
APA TV-nin məlumatına görə, Sumqayıt şəhər sakinləri - Rüfət Abasəliyev və Tasim Dadaşov şübhəli şəxs qismində saxlanılıblar.
Dəstə üzvləri Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən 23 bağ evindən kondisionerlər, noutbuklar, elektrik naqilləri, metaldan hazırlanan müxtəlif növ məişət əşyaları, habelə təmir-tikinti alətləri oğurladıqlarını bildiriblər. Onlar əsasən mütəmadi yaşayış olmayan evlərdən oğurluq ediblər.
Saxlanılan şəxslər oğurladıqları məişət əşyalarını Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını və əldə edilən pulu aralarında böldüklərini bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin metal qəbulu məntəqələrinin də sahibləri müəyyən ediliblər. Onların obyektlərinə baxış zamanı oğurlanan əşyaların bir hissəsi aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) "102 - Zəng Mərkəzi" Xidmətinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.