Zaqatalada dağda uçqun oldu
Zaqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, bu gecə dağlara yağan intensiv və leysan yağışlar nəticəsində rayonun Mazıx kənd inzibati ərazisindən keçən dağlıq hissəsində qaya və daş parçaları uçaraq Zaqatala-Mazıx-Qəbizdərə yolunu bağlayıb.
Yolun bağlanması üzündən Qəbizdərə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi 6 saata yaxın kəsilib. Əraziyə cəlb edilən texnika və canlı qüvvənin hesabına qaya və daş parçaları təmizləndikdən sonra saat 10:00 radələrində yolda gediş-gəliş bərpa edilib.