Səhiyyə Nazirliyi: BU, QANUNSUZDUR
"Qeysəriyyə əməliyyatı ilə doğuşlar dünyada 14-15 faiz təşkil edir, Azərbaycanda isə bu göstərici 18 faizdir"
APA TV-nin xəbərinə görə, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva deyi. Onun sözlərinə görə, ana və döldə müəyyən problemlər varsa, əsaslandırılmış şəkildə qeysəriyyə əməliyyatı etmək olar, buna ehtiyac yoxdursa, uşaq təbii yolla doğulmalıdır: "Doğuş fəaliyyəti olmadan qadın qeysəriyyə kəsiyinə götürülürsə və uşaq bu yolla dünyaya gəlirsə, həmin uşaqlar təbii yolla doğulan uşaqlardan bir qədər zəif adaptasiya olur. Biz əməliyyatın əleyhinə getmirik. Sadəcə, lüzumsuz keysəriyyə əməliyyatı sonradan anaya və övladına fəsad yarada bilər".
Nazirliyin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva isə deyir ki, artıq ölkədə hamilə qadınların reyestri təşkil olunur. Qadın başqa bir yerə köçərsə, o, qeydiyyatda olacaq. Harada olmasından asılı olmayaraq, nəzarətdə qalacaq. Bu isə hamilə qadınların hamiləlik dövrünü necə keçirməsinə nəzarət etmək deməkdir.
Dövlət xəstəxanalarında həkimlərin xəstələri müayinələr üçün özəl sektora göndərməsinin qanunsuz hal olduğunu deyən Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirib ki, aparılan nəzarətlərə baxmayaraq hələ də bu kimi hallar mövcuddur: "Təəssüf ki, bir sıra hallarda həkimlərin özəl tibb mərkəzləri ilə danışıqları olur, hansısa faiz müqabilində xəstəni ora göndərirlər. Bu, qanunsuzdur. Biz buna qarşı mübarizə aparırıq. Dövlət xəstəxanalarındakı labaratoriyalarda həmin cihazlar var".
Anar Qədirli deyir ki, səhiyyə sahəsində neqativ hallarla qarşılaşan vətəndaşlar günün istənilən vaxtında 91 03 qaynar xəttinə müraciət edə bilərlər.