Gürcüstan Sərhəd Polisinin rəisi Azərbaycanda səfərdə olub
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstanın Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədindəki vəziyyət və onun gələcək dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, dövlət sərhədinin delimitasiyası üzrə işlərin sürətləndirilməsi məqsədilə zəruri fəaliyyətin davam etdirilməsi, habelə gələcək illər üçün əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.
Müzakirələr zamanı Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin trans-sərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğu vurğulanıb, sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində qonaqlara ətraflı məlumat verilib.
Gürcüstan nümayəndə heyəti səfər zamanı Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və digər bölmələrin fəaliyyəti ilə tanış ediliblər.
İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazasının inkişaf etdirilməsi məqsədilə nümayəndə heyətlərinin rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin / sərhəd komissarlarının fəaliyyəti haqqında Saziş” imzalanıb.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.