DÇ-2018-in ilk oyununda ruslardan qol yağışı - SƏUDİYYƏYƏ QARŞI

Bu gün dördilliyin ən böyük futbol yarışı start götürüb. APA TV-nin məlumatına görə, Rusiyada təşkil olunan DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayıb.

A qrupunda yarışan şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start veriblər. Stanislav Çerçesovun yetirmələri DÇ-yə uğurlu başlamağa müfəvvəq olublar. Görüşə sürətli başlayan ruslar ilk hissədəcə asiyalıları iki dəfə mərkəzə dəvət ediblər. Mundialın ilk qolunun müəllifi 12-ci dəqiqədə Yuri Qazinski olubsa, fasilə ərəfəsində, yəni 43-cü dəqiqədə Denis Çerışev fərqi 2 topa çatdırıb - 2-0.

Lakin bu da son olmayıb. 70-ci dəqiqədə meydana daxil olan Artyom Dzyuba cəmi 1 dəqiqə sonra toru silkələyib və hesabı 3-0-a çatdırıb. Oyunun əsas vaxtına əlavə edilmiş ilk dəqiqədə Çerışev fantastik qolla dublunu rəsmiləşdirib. Qarşılaşmada son nöqtəni isə cərimə zərbəsindən Aleksandr Qolovin qoyub. Beləliklə, Rusiya yığması açılış matçında doğma azarkeşləri önündə böyükhesablı qələbə qazanıb.

Müəllif | Apa.Tv
Apa.tv