İsmayıllıda dəhşətli qəza: 3 ölü, 3 yaralı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb.

 

Göyçay rayon sakini, 1970-ci il təvəllüdlü Çingiz Eminov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərkən qəflətən yoluna çıxan 2 baş inəyi vuraraq avtomobili aşırıb.

 

Hadisə zamanı sürücü Çingiz Eminov və Sona adlı bir sərnişin hadisə yerində ölüb, biri uşaq olmaqla 4 nəfər ağır xəsarətlərlə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ağır xəsarət alan Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Vətənxan Gülçöhrə İlham qızı, onun azyaşlı oğlu, 2013-cü il təvəllüdlü Vətənxan Kamal Nejdət oğlu, 1993-cü il təvəllüdlü Abışova Nərmin Aqil qızı və bacısı, 1992-ci il təvəllüdlü Abışova Bəyim Aqil qızı cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Bəyim Abışova da dünyasını dəyişib. Hazırda digər yaralıların vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov