İstirahət günlərinin hava proqnozu açıqlandı

İstirahət günlərinin hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

 

Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Temperatur gecə 18-20 isti, gündüz 26-31 dərəcə isti təşkil edəcək.

 

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti olacaq.

 

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

 

Bölgələrə gəlincə, iyunun 16-sı səhər və gündüz Kiçik Qafqazın bəzi yerlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış yağacağı gözlənilir.

 

İyunun 17-si gündüzdən artıq əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısa müddətli daşqın keçəcəyi ehtimalı var. Havanın temperaturu iyunun 15-16-da dağətəyi rayonlarda 25-30 dərəcə, dağlıq rayonlarda isə 15-20 dərəcə isti təşkil edəcək, sonrakı günlərdə temperatur tədricən 3-5 dərəcə aşağı enəcək. 

 

Lənkəran-Astara bölgəsinə üz tutanları iyunun 15-16-da əsasən yağmursuz hava, iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında iyunun 15-16-da hava şəraiti əsasən yağmursuz keçəcək, lakin iyunun 17-si gündüzdən 19-u gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturu 31-36, iyunun 17-19-da  27-30 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-də iyunun 15-17-də arabir yağış, şimşək çaxacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

 

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında  mülayim cənub küləyi üstünlük təşkil edəcək. İyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Müəllif | Apa.Tv
Ayşən Əhməd