Sərhədçilərimizdən möhtəşəm Bayraq yürüşü - HELİKOPTERLƏR HAVADA
Azərbaycan sərhədçiləri 15 iyun - Qurtuluş gününün 25-ci ildönümünü yüksək səviyyədə qeyd ediBlər.
APA TV-nin xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları “Zəfərə doğru” möhtəşəm bayraq yürüşü ilə Heydər Əliyevin uca xatirəsinə və milli dövlətçilik ənənələrinə sadiqliklərini, Azərbaycan prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.
Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən hərbi hissəsində dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının Qurtuluş günü münasibətilə şəxsi heyəti təbrik edib, xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin sarsılmaz iradəsi, əzmi və zəngin dövlətçilik təcrübəsi sayəsində qısa zaman ərzində ölkədə sabitliyi bərpa etməsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qorumasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etməsini böyük fərəh hissi ilə xatırlayıb.
Təntənəli düzülüşdən sonra 2 km uzunluqda Dövlət Bayrağımız başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissədən çıxarılaraq vətənpərvərlik mahnılarının sədaları və yerli sakinlərin izdihamlı alqışları altında zəfər yürüşü keçirilib.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atları üzərində sərhədçi süvarilərin böyük fəxrlə başları üzərinə ucaltdıqları müqəddəs dövlət bayrağımızın tədbirə cəlb olunmuş zirehli döyüş texnikalarının üzərində də dalğalanması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.
Yürüş iştirakçıları ölkəmizin ərazi bütövlüyünün bərpası və Vətənimizin bütün sərhədlərinin dövlət bayrağı altında mühafizə altına alınması uğrunda savaşa sərhədçi hazırlığını nümayiş etdiriblər. Zəfər yürüşünün çoxsaylı gənclər və uşaqlar tərəfindən böyük çoşqu ilə izlənilməsi, hərbi qulluqçularla təmasda olmaları, fotoşəkillər çəkdirmələri vətənpərvərlik ruhunda təşkil olunmuş tədbirin tərbiyəvi əhəmiyyətini daha da artırıb.