Tramp ailəsinə və fonduna cinayət işi açıldı

Donald Tramp, onun övladları və sahibi olduğu fond prezident seçkiləri kampaniyasının maliyyələşdirilməsi zamanı qanunvericiliyi kobud şəkildə pozmaqda günahlandırılır.  

 

APA TV-nin məlumatına görə, Nyu-Yorkun baş prokuroru Barbara Andervud təşkilatın ləğv edilməsi ilə bağlı iddia irəli sürüb. İddiaya görə, Tramp Fondu 10 il ərzində mütəmadi olaraq qanunsuzluq edib və qeyri-kommersiya fondlarının öhdəliklərini pozub.

 

Bundan əlavə, demokratların tərəfdarı olan Andervud hesab edir ki, şübhəli şəxs fondun vəsaitlərindən seçki kampaniyası zamanı istifadə edib.

 

Tramp iddiaya belə cavab verib: “Nyu-Yorkun əclaf, çirkin demokratları, onların keçmiş baş prokuroru məni və fondumu ləkələmək üçün hər şey edir”.

 

ABŞ prezidenti vurğulayıb ki, məhkəmə xaricində iddianın həll edilməsi üçün addım atmayacaq.

 

Fondun mətbuat xidməti isə bəyan edib ki, fond xeyriyyə məqsədilə 19 milyon dollar xərclənib. Bunun 8 milyonunu şəxsən Tramp verib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov