Ronaldo Portuqaliyanı xilas etdi - İLK HET-TRİK
Futbol üzrə Dünya Çempionatında günün son qarşılaşması bəlkə də qrup mərhələsində ilk turun ən çox maraq doğuran matçı olub. APA TV xəbər verir ki, son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gəlib.
Qrup liderliyinə iddialı hər iki komandanın oyunu bol qollu olub. Qarşılaşmada hesabı 4-cü dəqiqədə Kriştiano Ronaldo açıb. Ona qarşı yol verilmiş kobud səhvə görə hakim Canluka Rokki İspaniyanın qapısına penalti zərbəsi təyin edib və Ronaldo komandasına ilk qol sevincini yaşadıb.
Bundan sonra oyunda həyəcan daha da artıb. Hər iki komanda daha aktiv oyun nümayiş etdirməyə başlayıb və 25-ci dəqiqədə ispanlar Dieqo Kostanın vurduğu qolla oyunda tarazlıq yaradıb. 45-ci dəqiqədə portuqaliyalılar yenidən önə çıxmağı bacarıb. Ronaldonun zərbəsini qapıçı David de Xea dəf edə bilməyib. Oyunun birinci hissəsi elə bu hesabla da başa çatıb.
İkinci hissəyə fəal başlayan ispanlar 55-ci dəqiqədə yenidən bərabərlik yaradıb - 2:2. Bu dəfə də Kosta fərqlənib. Bundan 3 dəqiqə sonra Naço komandasının üçüncü qoluna imza atıb və portuqaliyalıları oyuna mərkəzdən başlamağa vadar edib.
İspan azarkeşlər oyunun bu nəticə ilə bitəcəyinə ümid etdiyi bir vaxtda Ronaldo yenidən öz sözünü deyib və het-trik edərək matçın taleyini dəyişib. 88-ci dəqiqədə onun dəqiq yerinə yetirdiyi cərimə zərbəsi qarşılaşmada vurulan son qol olub.
Beləcə, hərəyə 3 qol vuran rəqiblər 1 xalla kifayətlənməli olublar.