"Qara qızıl" dəyər itirir - ÜMİD VYANA GÖRÜŞÜNƏ QALIB

Dünya birjalarında neftin qiyməti orta hesabla 3 faiz ucuzlaşıb.

 

APA TV-nin məlumatına görə, qiymətlərdəki azalma OPEC+ ölkələrinin hasilatın artırılması qərarını gözləməsi fonunda baş verib.

 

Son ticarət seanslarında "Brent" markalı neftin qiyməti 3,36 faiz azalaraq, 73,39 dollar təşkil edib. WTI markası da dəyər itirərək hazırda 65 dollara təklif edilir.

Bazardakı analoji vəziyyətin bir neçə səbəbi var. Əvvəla, qiymətlərin azalmasına Rusiyanın energetika naziri Aleksandr Novakın ölkəsi ilə Səudiyyə Ərəbistanı arasında hasilat səviyyəsini tədricən artırmaq barədə razılıq əldə olunduğunu açıqlaması səbəb olub.

Bu arada"Baker Hughes" ABŞ-dakı buruqlarının sayında 3 vahid azalma qeydə alıb. Hazırda onların sayı 1059 ədəd təşkil edir.

Xatırladaq ki, OPEC+ arasında hasilatın məhdudlaşdırılması barədə razılıq 2016-cı ilin oktyabrında əldə olunub. 2017-ci ilin əvvəlində qüvvəyə minən anlaşmanın müddəti iki dəfə artırılıb.

Hazırda isə nəzərlər OPEC+ kontingentinin 23 iyundakı görüşü zamanı bu məsələdə yenidən razılıq əldə etməsi ehtimalına yönəlib. Amma onların heç də hamısı bu məsələdə vahid mövqedə deyil. Məhz bu görüş sonrası neft qiymətlərinin, buna paralel olaraq isə bazarın vəziyyətinə aydınlıq gələcək.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı