Əsəd ABŞ-ın xəbərdarlığını saymadı - İSRAİL SƏRHƏDİNDƏ ƏMƏLİYYAT

Suriya hökuməti ölkənin cənub-qərbində müxaliflərə qarşı hərbi əməliyyata başlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hökumət qüvvələri və İrana bağlı milis birləşmələri Derada yerləşən müxalifləri bombalayıb.

Ötən il "atəşkəs bölgəsi" elan olunan ərazi İsrail işğalı altındakı Qolan təpələri yaxınlığında yerləşir. Suriya prezidenti Bəşər Əsəd iki gün əvvəl verdiyi açıqlamada bu bölgə üçün müzakirələrin davam etdiyini bildirmişdi.

 

Ötən gün ABŞ Suriya ordusuna Derada əməliyyat keçirməməsi üçün xəbərdarlıq etmişdi. Dövlət Departamentinin yazılı açıqlamasında hücumun vəziyyəti gərginləşdiyi qeyd olunur, ABŞ-ın buna biganə qalmayacağı bildirilir: "ABŞ-ın Suriya hökumətinin bu bölgədə pozuntulara münasibəti dəqiq və uyğun olacaq".

 

Əsədə bağlı birliklər bu açıqlamanın ardından əməliyyatlara başlayıb. Suriya İnsan Haqları Təşkilatı Kefr, Şam və əl-Harah bölgəsinin bombalandığını, çoxlu sayda müxalif döyüşçünün öldürüldüyünü qeyd edib.

 

Suriya mətbuatı isə prezident Bəşər Əsədin Tartusda bir məsciddə bayram namazı qılarkən görüntülərini paylaşıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı