Şamaxıda ağır avtoqəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, avtoqəza ötən gecə saat 04:00 radələrində magistral yolun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.
Şamaxı sakini, 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi "QazEL" markalı yük avtomobili qarşı tərəfdən gələn və Göyçay sakini, 1998-ci il təvəllüdlü Vasif Cabbarovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Yol qəzası nəticəsində sərnişinlər - Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Bundan əlavə sürücülər V.Cabbarov və Ə.Feyzullayev, həmçinin sərnişinlərdən biri 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşadırma aparılır.