Qərb rayonlarına leysan, Göygölə isə dolu yağıb
Göygöl rayonuna dolu düşüb. APA TV-nin qərb bürosunun məlumatına görə, ötən gün saat 18.00 radələrində qərb bölgəsinin bəzi rayonlarına leysan yağışları yağıb.
Göygöl rayonunda isə əvvəlcə 5 dəqiqə dolu yağıb, daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış güclü küləklə müşayiət olunub. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib.
Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, dolu əsasən rayonun mərkəzi, Mollacəlilli və Topalhəsənli kəndlərində müşahidə olunub.
Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.