Son bir ildə ilk - neft bir gündə 4,5 dollar ucuzlaşdı

OPEK üzvü ölkələrin Vyanada keçiriləcək toplantısında ciddi fikir ayrılıqları gözlənilir, bu səbəbdən neftin qiymətində ciddi ucuzlaşma müşahidə olunur. Ötən həftəni 76,89 dollarla başa vuran "Brent" nefti həftənin ilk ticarət seanslarında 4 dollardan çox ucuzlaşıb. Bu, son 52 həftə ərzində qeydə alınan ən böyük ucuzlaşmadır.

 

Hazırda "Brent" neftinin bir bareli 72,47 dollardan satılır, Qərbi Texas neftinin bir bareli isə 63,84 dollardan təklif olunur. "Brent" və WTİ markaları arasında qiymət fərqinin 10 dollara yaxın olması bazarda qiymətlərin OPEK tərəfindən diktə olunduğunu göstərir.

 

Neftin kəskin ucuzlaşmasında Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsini artırmasını da mühüm rol oynayır. Qərardan keçən ilk iki birja günü ərzində bu amil neftin qiymətinə təsir etməsə də, sonradan bu təsir aşkar hiss olunmağa başlayıb.

 

Bu gün dünyanın aparıcı kütləvi informasiya vasitələrinin neft ekspertləri arasında ABŞ-ın neft ehtiyatlarının həcminə dair keçirilmiş sorğunun nəticələri açıqlanacaq. Ötən həftə ABŞ-da hasilata cəlb olunan buruqların sayı 1 vahid artaraq 863-ə çatıb, bu səbəbdən həftə ərzində ölkədə neft ehtiyatlarının həcminin artacağı istisna edilmir. Əgər bu proqnozlar təsdiqini tapsa, OPEK-dəki qeyri-müəyyənlik fonunda qiymətlərin 70 dollar həddinədək ucuzlaşacağı ehtimalı var.  

Müəllif | Apa.Tv
Apa.tv