OPEK-də qarşıdurma: İran, İraq və Venesuela hasilatın artırılması qərarına veto qoyacaqlar
İran, İraq və Venesuela OPEK-in təsisçi ölkələri kimi Rusiya və Səudiyyə Ərəbistanının hasilatı müvəqqəti olaraq artırmaq qərarına veto qoymaq niyyətindədir. APA TV-nin məlumatına görə, bu barədə İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili bəyan edib. Onun sözlərinə görə, üç təsisçi ölkə Ər-Riyad və Moskvanın bu niyyətini həyata keçirməyə mane olacaqlar.
"Əgər Səudiyyə Ərəbistanı və Rusiya hasilatı artırmaq istəyirsə, buna OPEK-ə üzv ölkələrin hamısı razılıq verməlidir. Yox, bu iki ölkə başqa üzvlərin fikrini nəzərə almadan hərəkət etmək istəyirsə, bu əməkdaşlıq paktının pozulması deməkdir".
Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novak hasilatın dondurulması haqqında sazişdən kənara çıxaraq ölkələr üzrə hasilat limitinin müvəqqəti olaraq artırılmasını təklif edib. Onun sözlərinə görə, əgər sazişin şərtləri yumşaldılsa, Moskva və Ər-Riyad gündəlik hasilatı 1,5 milyon barelə çatdıra bilərlər. Nazir artımın yalnız üçüncü rübü əhatə edəcəyini deyib. Novak bildirib ki, OPEK+ formatına qoşulan ölkələr bazardakı vəziyyətə baxmalı və nə etmək lazım olduğuna qərar verməlidir.