Erməni generalın bağ evində əməliyyat - SİLAH VƏ MAŞIN KOLLEKSİYASI, HEYVANXANA...

Ermənistan təhlükəsizlik orqanları sabiq müdafiə nazirinin müavini Manvel Qriqoryanın bağ evində əməliyyat keçiriblər.

 

Əməliyyat zamanı bağ evinin birinci mərtəbəsində yerləşən saxlanc yerindən ordu üçün nəzərdə tutulmuş tonlarla ərzaq məhsulu aşkarlanıb.

 

Məlum olub ki, erməni general təkcə ordu üçün ayrılan ərzağı deyil, valideynlərin övladları üçün göndərdiyi ərzaq bağlamalarını da mənimsəyirmiş.

 

Aşkarlanan bağlamaların üzərində "fövqəladə hallarda ərzaq yardımı" sözləri yazılıb. Anbardan həmçinin külli miqdarda tibbi ləvazimat, dərman və sarğı vasitələri götürülüb.

 

Bağ evinə baxış zamanı general Qriqroynanın silah kolleksiyası da aşkarlanıb. Yayılan görüntülərdən görünür ki, "kolleksiyada" bir hərbi hissəni təmin edəcək qədər silah-sursat var. Bundan başqa evdə müxtəlif markalı və kalibrli ov silahları, əntiq silahlar aşkarlanıb.

 

Bağ evinin böyük qarajında isə 50-dən artıq müxtəlif markalı avtomobil tapılıb. Avtomobillər arasında retro maşınlar, motosikletlər, son model klassik maşınlar var.

 

Generalın bağ evində kiçik heyvanxana olduğu da müəyyənləşib. Araşdırma zamanı məlum olub ki, general Qriqoryan ordu üçün nəzərə tutulan ərzaqla qəfəslərdə saxladığı ayıları, canavarları, itləri yemləyirmiş.

 

Qeyd edək ki, Manvel Qriqoryan Azərbaycan torpaqlarının işğalında əsas rol oynamış şəxslərdən biridir. O 2000-2008-ci illərdə Ermənistan müdafiə nazirinin müavini vəzifəsində çalışıb. İyunun 16-da isə qanunsuz silah saxlamaq ittihamı ilə həbs olunub.

Müəllif | Apa.Tv
Apa.tv