Camal Quliyev: "Kənd təsərrüfatında kimyəvi preparatlardan istifadə labüddür"

“Pambıq sahəsində alaq otlarına qarşı mübarizədə dərmanlama işləri aparılarkən xüsusi geyim və vasitələrdən istifadə olunmalıdır. Əks halda, mexanizatorların sağlamlığında da ciddi fəsadlar yarana bilər”.

APA TV-nin məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələrinin Tərtər rayonuna səfəri zamanı məlumat verilib. Kənd təsərrüfatı mütəxəssisləri Rasim Həsənova məxsus pambıq sahəsinə baxış keçirib. FAO-nun rəsmi məlumatına görə, hər il zərərli orqanizmlərin təsirindən bitkiçilik məhsullarında 35 faiz itki olur. Buna görə də kimyəvi preparatların istifadəsi vacib məsələlərdəndir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyir ki, bütün hallarda kimyəvi preparatlardan istifadə labüddür. "Amma bunlar zərərli kimyəvi maddələrdir. Sahə aqronomları, xüsusilə mübarizə tədbirlərini həyata keçirən mexaniklər, operatorlar və dərmanların qarışdırılmasında iştirak edən texniki şəxslər, sahədə olan aqronomlar mütləq qoruyucu vasitələrdən istifadə etməlidirlər. Özlərini kimyəvi preparatların zərərli təsirindən qorumalıdırlar. Bütün  fermerlər bir mənalı şəkildə preparatların tətbiqi ilə bağlı  təlimatlara ciddi əməl etməlidir, onlar öz tətbiq normasında vurulmalıdır. Digər tərəfdən  hər preparatın toksik təsirinə görə tətbiqindən sonra sahədə mexaniki və əl işləri aparılması müddətləri var ki, bu müddətlərə məcburi qaydada əməl olunmalıdır”.

Müəllif | Apa.Tv
Apa.tv